Jump to content
Baku365.com

İncəsənəti sevən “avtoritet” – Azərbaycanın kriminal tarixi


Wisdom

Recommended Posts

Wisdom

İncəsənəti sevən “avtoritet” – Azərbaycanın kriminal tarixi

 17:06   25 Aprel 2018    Oxunub : 17214
   
 
İncəsənəti sevən “avtoritet” – Azərbaycanın kriminal tarixi
Bəhram Çələbi
AzVision.az üçün

Bəzən kriminal aləmin tanınmış simaları, avtoritetlər incəsənət aləminə böyük maraqları və yaxınlıqları ilə seçilirlər. Azərbaycanın kriminal tarixində də belə şəxslər olub. Onlardan biri “Doktor Ağoppa”, “Marşal”, “Filosof” adları ilə tanınan Ağababa Musa oğlu Babayevdir.
Onun ədəbiyyat və incəsənət aləmindəki dostlarının siyahısı hamını mat qoya bilər: Əliağa Vahid, Səttar Bəhlulzadə, Xəlil Rza, Tofiq Bayram, İlyas Əfəndiyev, Süleyman Rüstəm, Mirzə İbrahimov, Qabil İmamverdiyev, Fikrət Əmirov, Nardaranlı Hacı Mail, Həsənağa Salayev, Adil İsgəndərov, Lütvəli Abdullayev, Rza Təhmasib, Nəsibə Zeynalova, Fatma Mehrəliyeva, Hacıbaba Hüseynov, Sara Qədimova, Mirzə Babayev, Bəxtiyar Vahabzadə, Nazim Hacıyev (AKP katibi), Mehdi Hüseyn, Nəbi Xəzrı, Qulam Məmmədli (jurnalist), Miri Seyidov, Hacı Məmmədov, Qarmon Zakir, Sali Süleyman, Yaşar və Adil Babayevlər, Banişevski, Tofiq Ələsgərov, Memar Əmir...

Kim idi “Doktor Agoppa” və bu qədər tanınmış insanlarla necə münasibətlər yarada bilmişdi?

O, 1926-cı il dekabrın 15-də Bakıda anadan olub. 1944-cü ildə hamının “haramzadə”, “qırmızısifət” adlandırdığı sahə inspektorunun hərəkətin dözməyərək, onu “Sovet” və “Şors” küçələrinin kəsişdiyi yerdəki mağazanın qarşısında əzişdirib, tabel silahını əlindən alıb. Çoxsaylı şahidlərin milis leytenantının təqsirkar olduğu haqda verdikləri izahat və ifadələrə baxmayaraq, məhkəmə Ağaya 4 il iş kəsir.

Üç ay Bayıl və paylama məntəqəsindəki kameralarda oturduqdan sonra onu Lənkərandakı “Nadir şah”qazamatna etap edirlər. Atası Musa kişinin Moskvada Kalininlə görüşündən sonra Ağababanın islah cəzası hərbi xidmətlə əvəzlənir. Semipalatinsk hərbi hissəsində yeni gəlmiş “salabonlar”la “ded”lər arasında elə həmin gün dava düşür. Əyninə hərbi formanı keçirməyə macal tapmayan Ağababa xəstəxana xələti geyinməli olur. Lazaretdə qaldığı dörd ay müddətində bir neçə dəfə yoxlama komissiyası keçirilir və Ağababa “komissovat” olunur.

1946-54-cü illər arasında 16 nəfərlik “təcili yardım ” dəstəsinə başçılıq edən “Doktor Ağoppa” həbs olunur. İstintaq zamanı aydın olur ki, o, 1947-ci ildə Dənizkənarı bulvarda türmə rəisinin müavinini güllələyib və qaçıb.

10-cu koloniyada oturduğu zaman qaldırdığı “zamorozkaya” görə, Moskvanın “Butırka” qazamatına göndərilir. Sonradan Vorkuta, Arxangelsk, Solikamsk, İrkutsk düşərgələrində islah olunur. 1960-cı ildə Bakıya etap olunub və amnistiya nəticəsində azadlığa buraxılıb. 1996-cı ildə vəfat edib.

Kriminal aləmdəki dostları: Göygöz Sabir, Pəncəlioğlu Cabir, TT Nəriman, Bığ Nəriman, Göygöz Pərviz, masazırlı Dilavər, masazırlı Ağakərim, dağlı Müğbil, Səfəroğlu Cavanşir, gəncəli Cayıl Ənvər, Meyranqulu, Novxanılı Əhməd, Çadrovı Tahir, NZS Ağa, Kutuzov Çingiz, Brilyant Ağakərim, Təkdəst Ağoppa...

* * *

...Ağoppanın atası Musa Babayev 1937-ci ildə bir çox zəka sahibləri kimi Mir Cəfər Bağırov rejiminin repressiya qarmağına ilişir. Təchizat nazirliyində çalışdığı dövrün sənədlərini NKVD əməkdaşları nə qədər eşələsələr də, Musa Babayevi qandallamağa bəhanə tapa bilmədiklərindən, onu zindandan buraxmaq zorunda qalıblar. Amma Sov.İKP sıralarından kənarlaşdırıblar.

İkinci dünya müharibəsi başlayandan Babayevlər ailəsi bir çox çətinliklərlə üzləşdi. Çoxuşaqlı külfətinin təminatını ödəmək məqsədilə şəhərin mərkəzindəki mənzilini satan Musa kişi “Sovetski”dəki “Həmşəri bazarı” həndəvərində ev alır. 1943-cü ildə böyük oğlu Marklen (Marks-Lenin) Ukraynanın Dnepropetrovsk rayonunda gedən döyüşlərdə itkin düşdükdən sonra Musa kişi bütün rahatlığını itirir. Dəfələrlə hərbi komissarlığa gedir, oğlu barədə bir xəbər öyrənməyə çalışsa da, etinasız münasibətlərdən mütəəssir halda evə qayıdırdı...

Ağoppanın söhbətlərindən:

- Rusiyadakı koloniyada tam başqa mövzuda söhbətlər gedirdi. Maraqla qulaq asırdım məndən böyük, həqiqətən oğurluqla, cibgirliklə, kukla qoymaqla gündəliklərini qazanan zeklərin danışıqlarına. Arxangelskdən sonra mən yenidən yatab olundum, zonda zamorozka yaratdığımı bəhanə gətirdilər. İstintaq zamanı dəhşətli işgəncələrə məruz qalsam da, podelniklərimi ələ vermədim. Məni Şimali Urala, bütün məhbusların zolaqlı zek paltarları geyindiyi İrkutska yatab göndərdilər. Burada salamat qalmaq üçün sözün əsl mənasında vuruşmaq tələb olunurdu. Buradakı residivistlər, qəssablar, domuşniklər, şipaçlar məni “Filosof” adlandırdılar.

Bədənimin arıq olmasına baxmayaraq, elə polasatıy zona qədəm qoyan kimi şmon aparan starşinanın boğazını cırmaqlarımla qana boyadım. O, Arxangelskdəki zonda xlebnikim Salyanlı Tahirin mənə bağışladığı keçi dərisindən olan canlığı əlimdən almağa girişmışdi. O vaxtlar az-çox məhbəs qanunları işləyirdi, dedovşinadan müdafiə, zəiflərin qayğısı prinsipləri qorunurdu. Məhbəs qanunlarını qoruyanlar əqidə sahibləri, qanuni oğrular idi. Tezliklə mənə kimin kim olduğu aydınlaşdı. Starşınaya bədən xəsarətləri yetirdiyimə görə məni vertuxaylar və speslagerin kiçik çinli zabitləri pressxataya salıb, sındırmaq istəyirdilər. Lakin zonada hətta xozeyin və kumun da çəkindikləri Kolıma Şahlar (“Kolımskiy Şax”) mənə qəmhar çıxmaqla həyatımı xilas etdi. İkitərəfli sətəlcəmlə xəstələnmişdim. Şahların köməyi və lepilaya (həkimə) verdiyi lave (pul) sayəsində lazaretə düşə bildim...

Ağababanın incəsənət aləmilə bağlı fikirləri və əhvalatları heç də daha az maraq doğurmurdu. O, Rübabə xanımı “muğam övliyası” adlandırır, Zakirin qarmonda ifası üçün deyrdi ki, “yaşadığımız dərdlərə ağlayır, ümidlə gözlədiyimiz gələcəkdən müjdə verir”. Səttar Bəhlulzadəni Hacı Zeynalabdin Tağıyevlə müqayisə edirdi: “Hacı general müşaviri kitelini asdığı mismarın yanından keçmişdə yük daşıdığı palanını da asırdı. O, tanındıqca, varlandıqca sadələşir, müdrikləşir, dahiləşirdi. Səttarın da daxili aləminin zənginliyi, keçirdiyi hisslərin coşğunluğu, xalqımıza qoyub getdiyi təmənnasız xidmətləri hesaba gəlməz”.

Bəhlulzadənin bir illik yas məclisində “Doktor Ağoppa”nın danışdıqlarından:

- Sağlığında biz ustadımızın doğum günündə yığışar, yad edərdik. İndi onun yerini dünyadan köçdüyü an, saat əvəzləyir. Tanrı onun görkəmini səhmanlamış, içini isə özünə tapşırmışdı. Lənətə gəlmiş “Avrora” olmasaydı, Səttar hələ çox yaşayardı. Həmişə ona deyərdim ki, heç olmasa bu siqaretin filtirlisini çək. Qayıdırdı ki, onların tüstüsü lazımi yerə çatmır. Uşaqlığından, yeniyetməliyindən onu tapan dərd-sərdən Səttar özü, içində əritdiyi ağrı-acılardan isə “Nar”, “Gözəllər”, “Şah nabat”, “Söyüd ağacı”, “Məcnunlardan biri” kimi əbədi əsərlər doğuldu.

Novruza bir gün qalmış Müğbil, Gülmurad və mən Səttarı yoluxmağa gəldik. Hələ qapının ağzında olarkən içəridən Şövkət xanımın yanıqlı səslə oxuduğu “Şəbu hicran”ı eşitdik. Ehmalca qapını araladım - Səttar döşəməyə sərdiyi balaca süfrənin arxasında bardaş qurub oturmuşdu. Qarşısındakı nimçədə iki şəkərbura və yarısı yeyilmiş şorqoğalı... Səttar nəzərlərini şirniyyatlara dikərək, elə dərin xəyala dalmışdı ki, qapının açıldığını hiss etməmişdi...

O, Məhəmməd Füzuli və “Leyli və Məcnun” əsəri ilə bağlı çoxsaylı rəsmlər çəkirdi. Bunlardan ən çox sevdiyim “Məcnun ağlar, şam ağlar”, “Şamü-qəriban”, “Füzulu və Məcnun” əsərləri idi.

Son vaxtlar həmişə dekabrın 15-də onun ad gününü qeyd etməyə toplaşardıq. Səttar məclisə yığışan dostları ilə yeyib-içdikdən, gülüb-danışdıqdan sonra yandakı otağa keçib bir xeyli şam gətirdi. Hamısını yandırıb masanın üzərinə, pəncərələrin qarşısına düzdü, otağın işıqlarını söndürüb titrək əlləri ilə qolumdan yapışdı: “Ağoppa, gəlin ağır-ağır “Şəbi-hicranı” oxuyaq”,- dedi. Otaqda olanların hamısı onunla bahəm oxumağa başladı. Mənə elə gəldi ki, həmin an Səttar bir neçə dəqiqəlik də olsa, Məcnuna çevrildi...

Onun hər zaman boyalı olan əlləri, parıldayan gözləri xəstəlikdən saralmış vəziyyətdə idi. Səttarın bu halını görüb çox pis oldum və üzündən öpərək, tibbi komissiyaya aparmaq üçün dilə tutdum. Onu Sabunçudakı xəstəxanaya apardıq, sarılıq diaqnozu qoydular. Hər gün ona gül, meyvə aparırdıq. O, həmin gül və meyvələrin şəkillərini çəkib divarlara yapışdırırdı.

Həmin ərəfədə həm də onun Moskvada ilk fərdi sərgisi açılmalı idi. Öz sərgisində xəstə olsa da, iştirak etmək istəyən Səttar:
- Oğlum yox, qızım yoxdur ki, toylarını eliyəm. Özümün də toyum olmayıb. Ömrümdə ilk dəfə Moskvada fərdi sərgim açılacaq, lakin həkimlər icazə vermirlər ki, gedib öz toyumu görüm. Bilmirəm, neyləyim? – deyir.

Bəxtiyar Vahabzadə və mənim xahişimizdən sonra baş həkim Mehdi Quliyev ona heç bir yoluxucu xəstəliyi olmaması barədə arayış verdi. Tezliklə Səttarı qatarla Moskvaya yola saldıq.

Sərgidə güclə ayaq üstündə dayanan rəssamın halı sonradan daha da pisləşdi. Ertəsi gün onu Petrovski adına xəstəxanaya apardıq. Üç gündən sonra əməliyyat olundu. Onu əməliyyat etmiş cərrah Çernousova hörmət etmək istədim.
- Heç bir hörmət lazım deyil, Aqaşka, - dedi.- O, mələk kimi müqəddəsdir, allah adamıdır. Onun xəstəliyi xeyli şiddətlənib. Qara ciyərində xərçəng var. Bir il, bəlkə də altı ay yaşayar. Bir də Moskvaya gətirməyin. Havayı zəhmətdir...
Əməliyyatdan sonra xəstəliyi haqqında heç bir məlumatı olmayan Səttar Bakıda qatardan düşərkən onu qarşılayan insanlara:
- Xoş gördük, dostlar. Sağ-salamat gəlib doğma torpağa yetişdiyimə görə çox xöşbəxtəm, - deyir.

(Ardı var)
  • Like 3
Link to comment
Share on other sites

Wisdom

Расула Гамзатова не упомянули, помню, приезжал к Агоппе-киши в гости, в центре на фото, который весь седой...

  • Like 1
Link to comment
Share on other sites

Wisdom

i?r=AyH4iRPQ2q0otWIFepML2LxRbJSsPX9-PNfONariman-Agarahim-Ogli-Aliev.jpg

 

ТТ Нариман

  • Like 1
Link to comment
Share on other sites

Wisdom

269043m.jpg

 

Мейрангулу йашадыгы тин...

Link to comment
Share on other sites

Wisdom

220px-Sanka_Zver.jpeg

 

Пянджяли оглу Джабир, он же Санька Зверь

  • Like 1
  • Facepalm 1
Link to comment
Share on other sites

Wisdom

i-20.jpg

  • Like 1
  • Facepalm 1
Link to comment
Share on other sites

Wisdom

Знаменитый стадион «Маракана» в Рио-де-Жанейро, матч с бразильцами. Гости проигрывают со счетом 0:2, когда вратарь бразильцев неудачным ударом из площади ворот прямо в направлении Банишевского вводит мяч в игру. Форвард успевает подставить голову под летящий мяч, и с сорока метров виртуозно направляет его в противоположный от вратаря угол. Гол!!! Бразильцам!!! Да еще на «Маракане»! Такое забыть просто невозможно! Именно тогда бразильцы окрестили Банишевского «золотой головой». А сам гол мировая пресса стала называть не иначе как «голом десятилетия».

18_02_23_1519361647.jpg

 

Link to comment
Share on other sites

Editor

Allah butun iceride olan boyuk gardashlarin qapisini acsin!!!!

  • Like 2
  • I don't like it 1
Link to comment
Share on other sites

Wisdom

300px-%D0%9A%D0%B5%D1%80%D0%B1%D0%B0%D0%

Адиль Искендеров, в роли Кербалаи Исмаила и Гамло разговаривают по поводу приезда Аббаскули бека Шадлинского

  • Like 2
Link to comment
Share on other sites

Wisdom

В последний раз пил чай с ТТ Нариманом в парке ТТУ,  от прогрессирующего рака горла голос его стал с сильной хрипотцой, помнится...

Edited by Wisdom
Link to comment
Share on other sites

Wisdom
47 minutes ago, Editor said:

Allah butun iceride olan boyuk gardashlarin qapisini acsin!!!!

– Adın?
– İqor...
– Familiyan?
– Boqdanov.

– İlk cinayəti nə vaxt və harada törətmisən? – prokuror kənarlarını qatlayaraq yazdığı izahat kağızından başını qaldırmadan soruşdu.
– Elə doğulduğum gün, ana bətnindən azad olan kimi cinayət eləmişəm, – deyən İqor gözlərini qıyaraq gülümsədi.

ogru--1555419029.jpg
AZVISION.AZ

“Müharibələr o zaman qurtarır ki, ya ondan qazananlar yüklərini tutub kənara çəkilirlər, ya da onları üzə çıxarıb, güllələyirlər”. E. Hemenquey Kriminal pulların tüğyan...

 

 

Edited by Wisdom
Link to comment
Share on other sites

*Чертовка*
31 минуту назад, Editor сказал:

Allah butun iceride olan boyuk gardashlarin qapisini acsin!!!!

Amin:tespe:

Link to comment
Share on other sites

114

Кого не смогли подчинить русским через закон, подчинили через понятия. Большая часть жаргона исковерканные русские слова, слушать противно. Субкультура для быдла активно поддерживаемая и насаждаемая молодежи. 

Edited by 114
  • Like 1
Link to comment
Share on other sites

Zlaw

Аллах Ровшана Рэхмэт Еласин...

 

  • Excellent 1
Link to comment
Share on other sites

Wisdom

Kriminal pulların tüğyan etdiyi durğunluq dövründə bütün SSRİ məkanında cavan, daha qətiyyətli oğru nəsli meydana çıxdı. Bu nəsllin “qanuni oğruları” reketlə yanaşı, sifarişli qətlləri də adi bir şey sayırdılar. Monqol, Qorbatıy, Paşa Tsirul, Savoska, Rafik Svo və sair kimi oğruların birləşdiyi bu yeni nəsil köhnə oğru qanunlarının böyük bir qisminə sahib çıxdılar. Lakin dövrün tələblərinə uyğun dəyişikliklər də edildi.
Pula olan münasibət büsbütün dəyişdi. Artıq pula əl çirki kimi deyil, bütün qapıların açarı kimi baxıldı. Hər şeyin alınıb-satıldığı dövrdə pul qüvvəyə mindi. Ən əsası isə 30-50-ci illərdə “qanuni oğru” adına sırf oğrular layiq görülürdüsə, yeni nəsil (1970–1990–cı illərdə) artıq demək olar ki, əsasən reket və quldurluqla məşğul olanlardan, hətta killerlərdən ibarət idi.

ogru--1555419029.jpg
AZVISION.AZ

“Müharibələr o zaman qurtarır ki, ya ondan qazananlar yüklərini tutub kənara çəkilirlər, ya da onları üzə çıxarıb, güllələyirlər”. E. Hemenquey Kriminal pulların tüğyan...

 

  • Like 1
Link to comment
Share on other sites

Wisdom

Məşhur azərbaycanlı avtoritetin sənətçilərlə qəribə dostluğu – FOTOLAR

 17:20   07 Avqust 2018    Oxunub : 45421
   
 
Məşhur azərbaycanlı avtoritetin sənətçilərlə qəribə dostluğu – FOTOLAR
 
Bəhram Çələbi
AzVision.az üçün

Dosye:
Ağababa Musa oğlu Babayev (“Doktor”)1926-cı il dekabrın 15-də Bakıda anadan olub. 1944-cü ildə hamının “haramzadə”, “qırmızısifət” adlandırdığı sahə inspektorunun növbəti insafsızlığına dözməyərək, onu “Sovet” və “Şors” küçələrinin kəsişdiyi yerdəki mağazanın qarşısında əzişdirir, tabel silahını əlindən alır. Çoxsaylı şahidlərin milis leytenantının təqsirkar olduğu haqda verdikləri izahat və ifadələrə baxmayaraq, məhkəmə Ağaya 4 il iş kəsir.
Üç ay Bayıl və paylama məntəqəsindəki kameralarda oturduqdan sonra onu Lənkərandakı “Nadir şah”qazamatına etap edirlər. Atası Musa kişinin Moskvada Kalininlə görüşündən sonra Ağababanın islah cəzası hərbi xidmətlə əvəzlənir.
Semipalatinsk hərbi hissəsində yeni gəlmiş “salabonlar”la “dedlər” arasında elə həmin gün dava düşür. Əyninə hərbi formanı keçirməyə macal tapmayan Ağababa xəstəxana xələti geyinməli olur. Lazaretdə qaldığı dörd ay müddətində bir neçə dəfə yoxlama komissiyası keçirilir və Ağabala komissovat olunur.
1946-54-cü illər arasında 16 nəfərlik “təcili yardım” dəstəsinə başçılıq edən “Doktor Ağoppa” həbs olunur. İstintaq zamanı aydın olur ki, o, 1947-ci ildə Dənizkənarı bulvarda türmə rəisinin müavinini güllələyib və qaçıb. 10-cu koloniyada oturduğu zaman qaldırdığı “zamorozkaya” görə, Moskvanın “Butırka” qazamatına göndərilib. Sonradan Vorkuta, Arxangelsk, Solikamsk, İrkutsk düşərgələrində islah olunub.
1960-cı ildə Bakıya etap olunub və amnistiya nəticəsində azadlığa buraxılıb. 1996-cı ildə vəfat edib.


Ağababanın söhbətlərindən:

- Əgər siz əsəbi vəziyyətdə bir-iki yağlı ifadə işlədərsinizsə, bununla ürəyinizi boşaldaraq, yüngüllük tapacaqsınız. Bəs sizin həmsöhbətinizin halı necə olacaq? Ləzzəti o da sizinlə bölüşəcəkmi? Döyüşkən tonunuz və düşməncəsinə münasibətiniz şəraitində sizinlə razılaşmaq ona daha asan gələcəkmi? “Əgər siz mənim yanıma düyünlənmiş yumruqlarla gəlsəniz,- demişdi Sali Süleyman,- düşünürəm ki, mənim yumruqlarım da sizinkilər kimi bərk düyünlənəcək, lakin siz mənim yanıma gəlib desəniz ki, “Gəlin əyləşək və danışaq, baxışlarımız haçalananda isə, nə üçün haçalandığını və haçalanmanın nədən ibarət olduğunu başa düşək”,- onda biz tezliklə aşkar edəcəyik ki, bir-birimizdən elə də uzaq deyilik, aşkar edəcəyik ki, bizim fikirlərimizin üst-üstə düşdüyü bəndlər daha çoxdur. Razılığa gəlmək üçün bizim səbrimiz, səmimiliyimiz, istəyimiz bəs edərsə, onda razılığa gələcəyik”.

Bu sözlərin nə qədər doğru olduğunu Hacı Zeynalabdin Tağıyevdən yaxşı heç kəs bilmir. 1917-ci ildə Tağıyev Bakıda ən çox nifrət olunan (bolşeviklərin təbliğatı sayəsində) adam idi. Qəzəblənmiş, döyüşkən ruhda olan neftçilər əməkhaqlarının artırılmasını tələb edirdilər. Nifrətin hətta havaya da hopduğu bir vəziyyətdə, Tağıyev tətilçiləri öz nöqteyi-nəzərinin düzgün olduğuna inandırmağı qərara alır. Və buna nail oldu. Nə cür?

agopp-4600944168.jpg

Sabitlik yaratmaq üçün lazım olan bir necə həftədən sonra Hacı tətilçilərin qarşısında nitqlə çıxış edir. Həmin nitq bütünlüklə bir şedevrdir. Bu nitq, Zeynalabdini udmaqla hədələyən nifrətin gur dalğalarını sakitləşdirdi. Həmin nitq onun çoxsaylı pərəstişkarlarını, əqidədaşlarını meydana çıxardı. Bu nitqdə faktlar o qədər dostcasına təqdim olnumuşdu ki, tətilçilər, uğrunda bu dərəcədə amansızcasına mübarizə apardıqları, əmək haqqının artırılması barədə bir söz belə demədən, işə qayıtdılar.

Xatırladım ki, Tağıyev bundan bir neçə gün qabaq onu neft vışkasının mancanağından asmaq istəyən adamlara müraciət edirdi. Onun nitqi, bu cür ifadələrlə zəngin idi: “Mən fəxr edirəm ki, sizin aranızdayam”, “sizin evlərinizdə olduqdan, sizin həyat yoldaşlarınız və uşaqlarınızla görüşdükdən sonra”, “biz burada yad kimi yox, dost kimi görüşürük”, “qarşılıqlı dostluq ruhu”, “bizim ümumi maraqlarımız”, “mən yalnız sizin lütfkarlığınız sayəsində buradayam”.

agopp-6134592224.jpg

- Bu, mənim həyatımda əlamətdar gündür, - deyə, neftxuda nitqinə başladı. – Bu nəhəng kompaniyanın fəhlələrinin görüşündə iştirak etmək xoşbəxtliyi mənə ilk dəfədir nəsib olur. Sizi əmin edə bilərəm ki, burada olduğuma görə qürur duyuram və bu toplantını bütün ömrüm boyu yadda saxlayacağam. Əgər bu görüş iki həftə əvvəl baş tutsaydı, mən burada sizin əksəriyyətiniz üçün yad adam kimi dayanardım və sizlərdən yalnız bir neçə nəfərinizi üzdən tanıya bilərdim. Lakin, keçən həftə qəsəbələrin hamısını gəzmək, sizin evlərinizə baş çəkib, şəxsən söhbət etmək imkanı əldə etdim. Sizin həyat yoldaşlarınız və uşaqlarınızla söhbət etdikdən sonra, mən burada yadlarla olduğu kimi yox, dostlarımla olduğu kimi görüşürəm. Şadam ki, biz bu hadisədən öz ümumi maraqlarımızı məhz qarşılıqlı dostluq ruhunda müzakirə etmək üçün istifadə edəcəyik. Bu toplantı fəhlələrin iclası olduğu üçün mən yalnız sizin lütfkarlığınız sayəsində buradayam...

Ağababanın tostlarından:

- İncəsənət tarixində hələ sağlıqlarında özlərinə əbədi heykəl ucaldanlar, xalq məhəbbətini qazanıb, milyonların sevimlisinə çevrilənlər azmı olub? Dünya xalqlarının sevimlisinə çevrilmiş Motsart, Bethoven, Bax, Şostakoviç, Üzeyir bəy, Qarayev, Bəhlulzadə... və başqalarına bu gün maestro Niyazi də qoşulur. Zahirən arıq, çəlimsiz görünən maetro nəhəng orkestri canlandırıb hərəkətə gətirəndə beynumdə bir fikir dolaşır: “Görəsən, dostumda bunca güc, qüdrət haradandır!? Onun sənətinin mayası sehr, qığılcım, emosiya ilə yoğrulub.

agopp-9201888336.jpg

Niyazi evində qonaqlıq verməyi, dostlarını başına toplayıb istirahət etməyi xoşlayırdı. Nazim Hikmət, Arkadi Raykin, Rəsul Həmzətov Bakıya gələndə Maestronun evində təşkil olunuan ziyafətdə Bəxtiyar Vahabzadə, Lütfiyar İmanov, Əbülfət Əliyev, Ağababa, Dağlı Muğbil... Həcər xanımın ətirli plovundan yeyər, kupeçeski çayından içə-içə səhərədək nərd, şahmat oynayardılar.

Həcər xanım əslən iranlı idi və hər dəfə Niyazi: “Həcər, əzizim, axşam qonaqlarım olacaq, yaxşı bir stol tədarükü gör, mütləq plov da olsun”, – deyəndə Həcər xanım: “Gözüm üstə yerləri var. Ancaq sən qardaşım Ağababanı da dəvət etməyi unutma. Onu görəndə qardaşlarım Əli İskəndəri, Rəşidi görürəm...”,- söyləyərdi.

1977-ci ldə Həcər xanım İrana, qohum-əqrəbasını görməyə gedəndə Niyazi demişdi: “Mənim bu səfər üçün lazım olan sənədləri düzəltməyə nə həvəsim, nə hövsələm, nə də vaxtım var... Bu işi Doktora həvalə eləginən...

agopp-7668240280.jpg

Ağababanın Niyazi ilə tanışlığı isə belə olmuşdu:

Müharibədən sonra hərbi xidmətin elə birinci günü ruslarla razborkada kontuziya almış Ağababa komissiyadan “hərbi xidmətə yaramır” adıyla Bakıya dönsə də, hər il iki dəfə hospitalda müayinədən keçməliydi. Hospitalda komissiya sədrinin gecikməsi üzündən müayinə nahardan sonraya saxlanılır. Ağababa uzun skamyada növbə gözləyən əsgərlərdən bir neçəsi ilə artıq ünsiyyət yaratmışdı. Bayaqdan yanında əyləşmiş ağbəniz, irigözlü, bəstəboy oğlanı da həyətdəki aşxanada toqqanın altını bərkitməyə dəvət edəndə Fikrət utancaq halda:
- Çox sağ ol qardaş, aclığım yoxdur, - deyir.
- Alə, səhərdən burada oturub cınqıruvu da çıxarmamısan... Necə yəni, aclığım yoxdur? Gedək bizimlə! Elə gündəsən ki, səhədən axşamadək yeməklə vəziyyətüvü səhmana sala bilərsən...- deyərək onun qoluna girib aşxanaya aparır.

Komissiyadan çıxandan sonra Fikrətlə Filarmoniyaya sarı gələrkən etdikəri söhbətdən bəlli olur ki, onun Bakıda yaşamağa mənzili yoxdur, cibində də siçanlar oynaşır. Ağoppa onun başını söhbətə qarışdıraraq, qolun girib öz evlərinə gətirir. Yeyib-içdikdən sonra nə qədər üz vursa da, Fikrət onlarda gecələməyəcəyini bildirir.
- Onda qonşuluqda, Sovetskinin tinində Sarı Səmədin evində kiçik bir otaq var, kirayə verməyə adam axtarırdı... Heç olmasa bir müddət orada yaşaginən, qohumlarını tapanadək...

agopp-1533648262.jpg

Gündüzlər hər kəs öz işi ilə məşğul olur, axşamlar görüşürdülər. Ağoppa onu öz dostlarıyla tanış edir, “Torqovı”dakı “Podval”kafesində Hacı Məmmədov, Seyid Şuşinski, Əhməd Bakıxanov, Rza Əfqanlı və başqaları ilə musiqiyə qulaq asa-asa istirahət edirdilər.
İki ay sonra Fikrət axşam kirayə qaldığı mənzilə gəlməyəndə Ağababa çox narahat olur. Saat on bir radələrində Fikrət təngnəfəs, rəngi ağappaq onların evinə gəlir və narahatçılıq üçün üzr istəyərək bildirir ki, bu gündən qohumu Niyazigildə məskunlaşagaq.
Həcər xanıma Ağoppa haqqında, onun ailəsi barədə ilk dəfə Fikrət Əmirov danışıb, onları tanış edib.

Ağababanın ən çox xoşladığı musiqi Fikrətin “Şur” və “Kürd ovşarı” simfonik muğamları idi. O, deyirdi ki, sanki Sebastyan Bax “Şərq üçlüyü” adlanan Cabbar Qaryağdəoğlu, Qurban Primov və Habil Əliyevdən ibarət trionun ifasında “Bayatı-Şiraz”ı dinləyəndən sonra “Tokkata”nı bəstələyib.

Dostu Zakir Mirzəyevin xatirələri:

- Bir gün Ağoppa ilə Ural zonlarında oturan adamlardan bir dəstəsi (altı-yeddi nəfər) Bakıya nara dostunu görməyə gəlirlər... İçərilərində rus, qazax, moldovan, gürcü ... Ağoppa evimizə zəng vurdu:
- Zakir, silahuvu at maşına, tez gəl Nizami kinoteatrının arxasındakı dalandakı restorana...
Məni alqışlarla qarşıladılar. Ağababa ayağa qalxaraq:
- Mən sizə bir söhbət aşmaq istəyirəm,- dedi,- Bu insan şəxsiyyətdir. Zakir Mirzəyevdir, dünyanın hər yerində olub, qarmonçalandır.
Biri gürcü ləhcəsilə soruşdu:
- Doktor, sən hara, musiqi hara?

agopp-1533648056.jpg

- Mən əvvəlcə onun atası rəhmətlik Qulamhüseyn kişi ilə dost olmuşam, indi isə Zakirlə can-ciyərik. Əgər o, mənim dostumdursa, deməli, sizin də dostunuz, qardaşınız olacaq. Zakirdə olan əqidə paklığına heyranam. Zakirin hər cümləsi tanrının adı ilə bağlıdır. Onun qarmonda çaldığı “Orta Mahur”a qulaq asanda bədənimdəki tüklər biz-biz dayanır, elə bil içimdəki ağrı-acıları çəkib çıxarır, süd gölünə düşürəm. Bu insan Hollandiyadan tutmuş, Vyetnamadək bir çox ölkələrdə “Tərəkəmə-Şalaxosu” ilə zaldakıların sümüklərini oynadıb. Mən onu düzgünlüyünə, təmizliyinə, işıqlı insan olduğuna görə sevirəm. Onun çalğısında nə isə ilahi bir ruh var. Bu, mənim şəxsi fikrimdir. Ona Vyetnamda fəxri vətəndaş adı verilib. Bu vətəndaşlığı qəbul edəndən sonra Zakir bir qədər də ucaldı və yəqin ki, indi vyetnamın ən hündürboylu adamlarından biridir.

(Ardı var)
  • Like 1
Link to comment
Share on other sites

Wisdom
 
 
Məşhur bakılı avtoritetlə əfsanəvi futbolçunun gizli dostluğu - TAM MƏXFİ
İDMAN
  • 13.07.2018, 12:14
  • 5698 Baxış
  • 1531469511_untitled-1.jpg
 
Ağababanın deyimlərindən: 
 
"Əgər bacarırsansa, başqalarından müdrik ol, lakin onlara bunu demə”. 
 
"Hazırda mən, iyirmi il qabaq inandığım heç nəyə, demək olar ki, inanmıram – ola bilsin, vurma cədvəli istisnadır. Lakin Eynşteyni oxuyandan sonra vurma cədvəli ilə bağlı da tərəddüdlər meydana çıxmağa başlayır. Daha iyirmi ildən sonra, ola bilsin ki, indi haqqında danışdıqlarıma da inanmayacağam. Ümumiyyətlə, nəyə isə əvvəllər olduğu kimi inamım yoxdur. Sokrat Afinada öz davamçılarına dəfələrlə təkrar edirdi: "Mən bircə bunu bilirəm ki, heç nə bilmirəm”. Mən, əlbəttə, Sokratdan ağıllı ola biləcəyimə ümid edə bilmərəm və buna görə də adamlara onların haqlı olmadıqlarını deməyə son qoydum. Görürəm ki, bu, mənim üçün qat-qat faydalıdır”.
 
"Məntiqli olmaq – az adama bəxş olunan vergidir. Bizlərdən çoxumuz köhnə fikir qəliblərinin və qərəzliliyin təsirinə məruz qalırıq. Çoxumuz qərəzli rəy, qısqanclıq, qorxu, paxıllıq və qürur azarına yoluxmuşuq və buna görə də istər dini məsələ və ya sosial problem – fərqi yoxdur, heç nə ilə bağlı öz baxışlarımızı dəyişmək istəmirik”. 
 
"Öz rəisinizlə, və ya rəqiblərinizlə mübahisə etməyin. Onlara haqlı olmadıqlarını deməyin, məsələni incikləyə qədər çatdırmayın, bir qədər diplomatiklik etməyiniz daha yaxşıdır. Dörd min il əvvəl qədim Misir fironu Axtoy öz oğluna həyat müdrikliyilə dolu olan məsləhət vermişdi ki, həmin sözlər bu gün də öz dəyərini saxlamaqdadır. Qoca firon günün axırlarında, əla şərabdan aldığı iki qurtum arasında kəlam demişdi: "Diplomatik ol, oğul. Bu, istədiyinə nail olmaqda sənə kömək edər”.
 
"Öz səhvlərinə haqq qazandırmaq bacarığı istənilən axmaqda var, lakin öz səhvini könüllü surətdə etiraf etmək üçün nəciblik və əksəriyyətin səviyyəsindən yuxarı yüksəlmək bacarığı tələb olunur”. 
 
Faiq Şirəlioğlunun xatirələrindən:
 
- Altmışıncı illərin əvvəllərində mən 6-cı kolonda otururdum. Məhəlləmizdən də beş-altı şustryak, qara məhbəs ideyalı uşaqlarla kruqumuz vardı. "Məhəllə” deyəndə mən, Sovetskinin Şors. Pervomayski, Tolstoy küçələrini, Qırxpilləkən, Axundov parkının həndəvərində yaşayan cayılı cavanları nəzərdə tuturam. Ağoppanın qərdəşi Nadir, Əmirçik, Eldəniz, onun dayısı Həsənağa, Slon, Kuko, Sali Süleymanın oğlu İbrahim, Şaliko, Həmşəri Kazım, qardaşım Nazim, Cahan, Talıb – hamısı adlı-sanlı şipaçlar, domuşniklər, kukla qoyanlar idilər. Cahanla Talıb hələ 50-ci illərin ortalarında Ağoppanın dəstəsində "uçeniya”, "vospitaniya” keçdiklərindən "opıtnıe şipaçi” sayılırdılar. Hətta bir dəfə bu uşaqlar Şamaxıdan gəlmiş lox, vinzavodun müdirinin "lave”sini üst-üstə geyilmiş ikiqat şalvarın cibindən çəkmişdilər. Şorsda tramvaya əyləşən Dodik Şamaxınski sən demə, pulları altdan geydiyi şalvarın arxa ciblərinə gizlədib, üstündən də ikinci şalvarı çəkmişdi əyninə. Tütün fabrikinin yanına çatanda Dodik tramvaydan düşmək istəyir, amma görür ki, nə isə ayaqlarına dolaşır. Sən demə, üstdən geydiyi qalife şalvarın kəməri açıldığından, sürüşüb dizlərindən də aşağıda dayanıbmış. Dodik pulların getdiyini anlayanda, ağladı...
 
...Ağoppa ilə Dağlı Muğbil hər həftənin şənbə günləri bizləri görməyə gəlir, qənd, çay və siqret, çoxlu kitablar, jurnallar gətirirdilər. Mən tarixi hadisələri oxumağı xoşladığımdan, Qədim Poma, Yunan imperatorları, sərkərdələri haqqında olan kitabı həftə ərzində üç dəfə təkrarən oxumuşdum. Sonradan Konan Doyl, Mayn Pid, hətta Çarılz Dikkensi də sevməyə başladım. Hamımız şənbə günlərini səbrsizliklə gözləyirdik, gətiriləcək qrevə görə deyil, kitablara, qəzetlərə görə... Muğbilin oğlu Afər isə hətta şeirlər yazmağa başlamışdı və məncə bəzi şairlərdən heç də pis qoşmurdu. Ağoppa bizə həm də ağsaqqal məsləhətləri də verirdi və dönə-dönə qeyd edirdi ki, şəxsi mənfəəti üçün oğurluq etmək – yaramazlıqdır...
 
 
 
Qardaşı Əşrəfin xatirələdindən:
 
... 60-cı illərin əvvəllərində 173 saylı məktəbin həyətində yaz-yay aylarında hər axşam məhəllə cavanları balaca (həndbol topundan da balaca) rezin topla futbol yarışları keçirərdilər. Əsasən OİK klubunun özəyini təşkil edən "Həmşəri Bazarı” komandasının yeniyetmələri gah "Lokomotiv”, gah "Spartak”, gah da hətta "Neftçi”nin "yuniyorları” ilə maraqlı matçlar oynayırdılar. Sovetskinin bütün labirintlərindən olan onlarca azarkeş arasında cavanlarla bahəm, orta yaşlı və hətta ağsaqqal "bolelşik”lər də görmək mümkün idi.
 
"Həmşəri”lərə azerkeşlik, həm də maddi himayədarlıq edənlər arasıda Doktor Ağoppa, "Şipaç” Lətif, "Qospodin” Nadir, Ağabalaoğlu Vaqif və başqa məhəllə cayılları seçilərdilər. "Həmşəri Bazarı”nın oyunçuları – Əsabəli, Mirdamət, Yaşar, Ağamusa... məhəllənin ən sevimli, populyar uşaqları idilər. "Şipaç” Lətif onların hər birinə can-başla maşın sürməyi öryədir, hərdənbir bu dəstəni toplayıb, onlara Ağabalanın çayxanasında "şirniyyat stolu” təşkil edirdi.
 
"Lokomotiv”, "Spartak”, "Neftçi” ilə matçlar "pod interes” olduğundan, onun təşkilatçısı həmişə Doktor Ağoppa olardı. Qonaqlar – Tolik Banişevski, Rafiq Əlizadə, Şevçenko və yeniyetmə yığmasının başqa üzvləri də 173-ün həyətində oynamağa həvəslə razılıq verərdilər, çünki udub-uduzmaqdan asılı olmayaraq matçdan sonra onları "ciyər kababı” məclisinə dəvət edərdilər.
 
TT Nəimanın xatirələrindən:
 
- Banişevski "Neftyanik”ə qəbul olunandan sonra Ağoppa Tolikə daim maddi və mənəvi dayaq olub. Banya çox kasıb ailədə doğulduğundan, idman formasını üzü bir neçə yerdən cırılmış hamam çantasında daşıyırdı. Bir dəfə məhəllə matçından sonra Ağoppa ona bir cüt idman kostyumu bağışladı:
- Düzdü, bizim komandanın üzvü deyilsən, amma istedadlı futbolçu olduğuna görə, sənə mükafat düşür... Yəqin bilirəm ki, tezliklə "Neftyanik”də oynayacaqsan... Çalış həmişə bu xasiyyətdə qalasan – işgüzar və sadə... Sən yalnız Azərbaycanın deyil, ittifaqın Pelesi olacaqsan!!
 
Bakıda "Neftçi”nin keçirdiyi hər matçdan (nəticədən asılı olmayaraq) sonra Ağoppanın təşkilatçılığı ilə "Muğan” mehmanxanasının restoranında məclis düzənlənərdi.
 
Ağoppanın Banişevski haqqında danışdıqlarından:
 
- Səksəninci illərin axırlarında Banış müxtəlif xəstəliklərə düçar olmuşdu – astma, şəkər, əyyaşlıq... Onun xəstəliklərinin əsasını içki və siqaret qoymuşdu. Dəfələrlə ondan siqareti tərgitməsini xahiş etmişdim.
- Siqaretsiz də Banişevski olarmı? – deyirdi. – Siqareti mənə Yaşin öryədib...
91-ci ilin may ayı idi. Biz – Gülmurad, mən, Ağababa, Xəlil Rza, Qabil İmamverdiyev və adlarını unutduğum daha iki nəfər "Azneft”dəki çayxanada oturub, zamanın gərdişindən, zavodlardakı tətillərdən, mitinqlərdən, Qarabağdakı vəziyyətdən danışırdıq. Gördüm ki, Qabil mənə him-cimlə, başının işarəsiylə nə isə anlatmağa çalışır. Çevrilib baxanda Banişevskini gördüm, su budkasının yanında dayanıb nəzərlərini bizim dəstəyə dikmişdi. Ağababa Xəlil Rza ilə söhbətləşdiyindən, Toliki görmürdü. 
- Ağa, dostun pavilyonun yanında dayanıb, deyəsən yaxın gəlməyə utanır, - dedim.
 
 
Ağababa geri qanrılıb baxdı, Banişevskini görən kimi yerindən qalxıb becid addımlarla ona tərəf getdi. Son vaxtlar dəfələrlə mənim yanımda Banyaya maddi yardım eləmişdi. "İyirmibeşlik” dəstəsini çıxarıb sayardı – bir, iki, üç, dörd... Banişevski "xvatit” deyəndə əl saxlayıb, həmin məbləği ona verərdi... Bunu Qabil də bilirdi, Xəlil Rza da, başqaları da... Az sonra Tolik pulu tutduğu yumruğunu sinəsinin sol tərəfinə sıxıb, təzim edərək getdi, Ağababa da yanımıza qayıtdı.
- Nə illah elədim, üç dənədən artıq götürmədi , - Ağoppa bikef halda dilləndi. – Bax da, dünya şöhrətli futbolçu olasan, qəpik- quruşa görə kiməsə ağız açasan...
 
Az sonra biz bulvara, Muğbilin "Lalə” kafesinə yollandıq, Dağlını orada tapmadıqda "Azərbaycan” kinoteatrının həndəvərindəki "Katakomba” kababxanasına getməyi qərarlaşdırdıq. Prodmaqdan çıxan Banişevski içərisi içki süşələri ilə dolu iki tor zənbillə bizdən on metr irəlidə taksi dayanacağına doğru addımlayırdı...
 
Məncə, onun xəstəliyinin əsasını siqaret və spirtli içkilər qoymuşdu. 95-ci ilin yazına qədər Ağoppa ayda heç olmazsa bir-iki dəfə ona baş çəkirdi. Dəfələrlə mənim yanımda heç olmazsa siqareti tərgitməsini xahiş etmişdi...
 
Banişevski rəhmətə gedəndə Ağoppa xeyli müddət onun hüzürünü saxladı. Məzara qoyulanda isə hətta ağladı da...
 
Mənbə: azvision.az
Edited by Wisdom
  • Like 1
Link to comment
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Unfortunately, your content contains terms that we do not allow. Please edit your content to remove the highlighted words below.
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • Recently Browsing   0 members

    • No registered users viewing this page.
  • Who's Online   6 Members, 7 Anonymous, 73 Guests (See full list)

    • +Gogi
    • +Tipsgeek
    • +Agriae
    • +Znaya
    • +Dex
    • +Sirius191
×
×
  • Create New...

Important Information

Terms and Conditions